Koronavirusa görə Amerika Birləşmiş Ştatlarında vəziyyət fəlakətə bərabər tutulsa da, MBA rəhbərliyi artıq çox gözləmək fikrində deyil. Düzdür, hələlik mövsümün bərpası ilə bağlı konkret heç bir fikir deyilmir. Amma bununla əlaqədar müyyən addımların atıldığını görmək olar.

 Hazırda karantin rejimində məşq edən MBA klubları mayın 1-dən bazalarının qapısını açacaq. ABŞ mətbuatı yazır ki, ölkədə karantin rejiminin qurtarmasına qədər komandalar öz bazalarında məşq edə biləcək. Amma dövlət indiki məqamda idmançılara komanda şəklində məşqlərə icazə verməyəcək. Sadəcə basketbolçular tək-tək bazaya gələrək bir-birinin üzünü görmədən məşqçilərinin gözü qarşısında fiziki hazırlıq üzrə müəyyən təmrinləri yerinə yetirəcək. Xatırladaq ki, bir müddət əvvəl, Amerika mətbuatı mövsümün bərpa olunacağı halda çempionatın oyunlarının yalnız bir şəhərdə keçirilə biləcəyi haqda məlumat yaymışdı.

“Mayami Hits” klubunun prezidenti Pet Rayli isə MBA-in rəhbəri Adam Silveri mövsümün bərpası ilə bağlı cəsarətli qərar verməyə səsləyib: “İndiki məqamda Adam Silver və onun komandası karyerasının ən çətin qərarını verməlidir. Biz ondan məhz cəsarətli addım gözləyirik. Bu addım təkcə basketbolun yox, bütün idman növlərinin xilası demək olacaq. Təbii ki, indiki məqamda ona da təbabət elmi kömək etməlidir. Koponavirusu məğlub etmək üçün elmin gücünə güvənməkdən başqa yolumuz yoxdur”.

Mövsümün bərpa prosesinin ləngiməsi növbəti çempionatda draft əsasında MBA-da debüt edən basketbolçuların çıxışına da mənfi təsir göstərəcək. Hazırda “Çikaqo”nun heyətində oynayan Uendell Karter gənc basketbolçuların daha çox əziyyət çəkdiyini, qeyri-müəyyənlik şəraitində onların vaxt itirdiyini söyləyib. Onun sözlərinə görə, MBA-da oynamağa hazırlaşan bu basketbolçuları heç kim izləyə bilmir. Bu isə onların liqada yüksək səviyyədə çıxış etməsinə mane ola bilər.