Basketbol üzrə Avroliqa rəhbərliyi mövsümü bərpa etməyə  tələsir. Son bir həftədə turnirin  təşkilat komitəsinin gördüyü  müəyyən tədbirlər diqqət çəkib. Dünən isə qurumun rəhbərliyi ilə basketbolçuların həmkarlar İttifaqı arasında videomüşavirə keçirilib.

Müşavirədə mövsümün bərpa tarixi ilə yanaşı maliyyə məsələləri də müzakirə olunub. Belə ki, bütün mötəbər yarışlarda olduğu kimi Avroliqada da oyunçuların məvaciblərinin  azaldılması  əsas müzakirə mövzularından biri idi. Məlum məsələ idi ki, liqanın dayandırılmasından sonra basketbolçular əvvəlki məvacibi almayacaqdı. Amma burada onların özlərinin nə qədər güzəştə gedəcəyi, klubların isə  nə qədər ödəyə biləcəyi maraqlı idi. Müşavirə zamanı qərara alınıb ki, pandemiya ilə əlaqədar Avroliqa komandalarının oyunçularının  maaşı  15 faiz  kəsilsin.  Amma bir şərt də var ki, mövsümü  iyulun 31-də başa çatdırmaq mümkün olsa, klublar basketbolçuların əməkhaqqını  avqustun 15-nə qədər nəzərdə tutulan həcmdə ödəməlidir.Əks təqdirdə  oyunçular məvaciblərinin  20 faizindən məhrum olacaq.

Müşavirə zamanı həm də qərara alınıb ki, mövsümün bərpa tarixi mayın 24-nə qədər elan olunmalıdır. Yalnız  bundan sonra növbəti mövsümün nə vaxt başlayacağı haqda qərar qəbul olunacaq. İlkin ehtimala görə, Avrokubok oyunları iyulun 7-dən 14-dək, Avroliqa oyunları iyulun 4-dən 26-na qədər keçiriləcək. Mövsümün planlaşdırılan ssenari üzrə yekunlaşacağı gözlənilmir. Yəni liqa rəhbərliyi hazırda altenativ variantlar haqda fikirləşir.