Formula 1 mövsümünün  nə vaxt başlanacağı  haqda rəsmi məlumat olmasa da, hər gün yeni versiyalarla tanış oluruq.Pandemiyadan sonra yarışların  hansı şəraitdə keçiriləcəyi, komandaların həb bir mərhələyə  necə hazırlaşacağı, Qran-pri təşkilatçılığının hansı səviyyədə olacağı hazırda əsas müzakirə mövzularıdır. Növbəti süjetimizdə bütün bunlarla bağlı  ən yeni xəbərləri nəzərinizə çatdıracağıq.
 
 Formula 1-də mövsümə start verilsə azarkeşlərin avtodromlara  buraxılmayacağı ən real şərtlərdən  biridir. Həm FİA, həm də çempionat rəhbərliyi indiki məqamda bunu mümkünsüz sayır. Nəzərə almaq lazımdır  ki, pandemiya bitməmişdən əvvəl də yarışlara başlamaq ehtimalı var. Çünki hər dəfə  Ümumdünya Səhiyyə Təşkilatının  qərarını  gözləmək mövsümün boşa verilməsilə nəticələnə bilər. Amma bu zaman  azarkeşləri  kənarda saxlamaq ən təhlükəsiz variant sayılır.Sözsüz  ki, belə məqamda təkcə tamaşaçıların deyli, həm də komanda üzvlərinin də sağlamlığını fikirləşmək lazımdır. Söz yox ki, yarışlardan əvvəl  onların hamısı koronavirus testindən keçəcək. Amma istənilən halda Formula 1 rəhbərliyi yarış zamanı komandaları bir-birindən təcrid etmək niyyətindədir. Avropa mətbuatının məlumatına görə, artıq bu yöndə müəyyən işlər görülür. Belə ki,  plana əsasən Qran-pri zamanı ancaq eyni komandanın üzvləri bir-biri ilə təmas vəziyyətində  olacaq.

Formula 1 ictimaiyyəti arasında müzakirə olunan mövzulardan biri də Avropanın  müəyyən avtodromlarda 2 yarışın keçirilməsidir.Komandaların təkcə şənbə və bazar günlərində  yox, hətta həftəiçi  starta çıxacağı  haqda versiyalar da səslənir.  Böyük Britaniya Qran-prisinin təşkilat komitəsi  belə bir ağır işi görməyə  razıdır. Silverstoundakı avtodromun baş direktoru Stüart Prinql həm iki Qran-pri təşkil etməyə, həm də həftəiçi turnir  keçirməyə hazır olduqlarını söyləyib. Maraqlıdır ki, Silverstounda iki yarış keçirilsə, əvvəlcə  komandalar klassik variantda mübarizə aparacaq.  İkinci turnirdə  isə bolidlər trassın əksi istiqamətində hərəkət edəcək.