Xokkey həvəskarları MXL-də mövsümün bərpasını səbrsizliklə gözləyir. Amma görünür, xokkeyçilərin özlərinin və yarışın təşkilatçılarının səbri tükənməkdədir. Belə ki, karantin rejimi hələ davam etsə də, MXL rəhbərliyi çempionatın davam etdirilməsi üçün müxtəlif planlar nəzərdən keçirir.

Artıq Kanada və Amerika mətbautı da MXL-də mövsümün bərpası ilə əlaqədar müxtəlif yollarla əldə etdiyi informasiyaları yaymaqdadır. Bu günlərdə kanadalı idman şərhçisi Elliot Fridman mövsümün bərpasına dair yeni variant barədə xəbər verib. Onun sözlərinə görə, oyunların pandemiyadan ən az əziyyət çəkən bölgələrdə keçiriləcəyi ilə bağlı deyilənlər heç də inandırıcı görünmür. Fridman hər divizionda oyunların konkret bir şəhərdə təçkilinin məqsədəuyğun olduğunu söyləyib. O, mövsümü məhz bu yolla bitirməyin mümkün olacağını bildirib. Şərhçinin sözlərinə görə, bir şəhərdə gün ərzində 3 oyun keçirilsə, müntəzəm çempionat 3 həftəyə başa çatacaq.

Yeri gəlmişkən əlavə edək ki, “Florida Panterz”in prezidenti Mett Kolduell liqa rəhbərliyinin mövsümü iyulda bərpa etmək istədiyini deyib. Maraqlıdır ki, o da kanadalı jurnalistin fikirlərini dolayı yolla təsdiqləyib. Kolduellin fikrincə, MXL rəhbərliyi çempionatı 3-4 şəhərdə keçirmək istəyir. Böyük ehtimalla, oyunlar boş tribunalar önündə olacaq. Vəziyyət yaxşılaşsa, arenalara məhdud sayda azarkeş buraxıla bilər.