İyulun ortalarına qədər heç bir tennis turniri keçirilməyəcək. Buna görə də artıq raketka ustaları öz taleləri ilə barışıb. Amma bu sözləri idmanın bütün növlərinə aid etmək olmaz. Məsələn, İtaliyada futbol mövsümünü mayın sonuna qədər bərpa etmək istəyirlər. Bu isə digər idman növlərinin təmsilçiləri arasında müəyyən narazılığa səbəb olub.
ATP reytinqində 11-ci pillədə qərarlaşan Fabio Fonyini A seriyasını yaxın vaxtlarda bərpa etmək istəyən İtaliya Futbol Federasiyasını tənqid edib. Tanınmış tennisçi hazırda vətənində futbol oynamağın mümkün olmadığını deyib: “İtaliyada futbol mövsümünün bərpası ilə bağlı xəbərlərlə tanışam. Mən futbolçu dostlarım Mattia Perin, Dominiko Krişito və Emilyano Viviano ilə söhbət də etmişəm. İndiki məqamda mövsümün bərpası cəhdlərini ağılsızlıq kimi dəyərləndirirəm. Koronavirusa görə ölkədə minlərlə adam ölümünə baxmayaraq, kimlərsə futbol haqqında fikirləşir. Onlar insan sağlamlığı ilə zarafat edirlər. Məqsədləri ancaq biznes layihələrini həyata keçirməkdir. Azarkeşləri stadiona buraxmadan mövsümü necə bərpa etmək olar, axı? “San Siro” stadionunun boş tribunaları önündə necə oyun keçirəcəklər? Gəlin, bu fikri başınızdan atın”.
Xatırladaq ki, İtaliya komandaları mayın əvvəllərində məşqlərə başlayıb ayın son günlərində ölkə kubokunun oyunları ilə mövsümü bərpa etmək niyyətindədirlər.