Basketbol üzrə Avroliqada mövsümün nə vaxt bərpa olunacağı bilinməsə də, liqa rəhbərliyi yarışın formatına dair müyyən planlar qurur. Təbii ki, vaxt məhdudiyyətinə görə turnirin müəyyən hissəsinin ixtisara salınması gözlənilir. Amma deyəsən, təşkilat komitəsi bu variantı pley-off mərhələsinə şamil etmək istəyir.
Avroliqanın rəhbərliyi müntəzəm çempionatı sona qədər davam etdirməyi planlaşdırır. Halbuki, belə məqamda komandaların turnir cədvəlindəki mövqeyinə görə də pley-offu keçirmək mümkün idi. Ancaq təşkilatçılar bu reqlamentin idman prinsiplərinə zidd olacağını nəzərə alaraq onu tamamilə istisna edib. Belə ki, Avroliqanın prezidenti Jordi Bartomeu yarışların “səkkizlər finalı” formatında başa çatacağını açıqlayandan sonra liqanın mətbuat xidməti növbəti bəyanat verib və bildirib ki, “səkkizlər finalı” yalnız müntəzəm çempionat başa çatandan sonra keçiriləcək. Mövsüm bərpa olunsa, komandalar meydana müntəzəm çempionatı tamamlamaq üçün çıxacaq. Xatırladaq ki, Avroliqada müntəzəm çempionat martın 12-də dayandırılmışdı. Onu başa çatdırmaq üçün hələ 6 tur keçirilməlidir.
Yeri gəlmişkən, növbəti mövsüm üçün “vayld kart” əldə edən komandaların adları isə bir müddət sonra bilinəcək.Bundan əvvəl isə əlavə lisenziya qazanan komandalar iyun ayına qədər müəyyənləşirdi.