Koronavirus elitar idman növləri arasında tennisə daha ağır zərbə vurub. Təkcə bunu demək kifayətdir ki, Beynəlxalq Tennis Federasiyası müxtəlif kateqoriyalar üzrə 900 turniri ləğv edib və ya təxirə salıb. Nəticədə tennisçilər qazanclarından məhrum olub. Düzdür, reytinq cədvəlinin liderlər qrupundakı raketka ustalarının müflisləşmə qorxusu yoxdur. Amma bir qədər aşağı pillələrdə olanlar müəyyən çətinlik çəkir.
Bəli, artıq tennisçilərin problemlərinin həlli üçün də xüsusi fond yaradılıb. Belə ki, Beynəlxalq Tennis Federasiyası ATP, WTA və “Böyük Dəbilqə” turnirlərinin təşkilatçıları tennisçilərin böhran vəziyyətini nəzərə alaraq belə bir layihəyə başlayıb. Rusiyanın “Kommersant” nəşri yazır ki, fondun büdcəsi 5-8 milyon dollar olacaq. Bu vəsait ilk “100-lük”dən kənarda qalan tennisçilər arasında bölünəcək. Amma kanadalı jurnalist Stefani Mayerin məlumatına əsasən ilk növbədə 250 – 700-cü pillələrdə qərarlaşan tennisçilərə yardım göstəriləcək. Onların hərəsinə 10 min dollar nəzərdə tutulub. Mayer artıq fondun hesabında 9 milyon dollar olduğunu da deyib.
Yeri gəlmişkən, bu il təxirə düşən tennis turnirlərindən biri də Leyver Kuboku idi. Sentyabrın sonunda Bostonda keçiriləsi bu yarış gələn ilə təyin olunub. Ona görə ki, sentyabrda “Rolan Qarros”un keçirilməsi planlaşdırılır. Xatırladaq ki, 2017-ci ildən bəri bu turnir Praqa, Çikaqo və Ceneverə şəhərlərində təşkil edilib.