Pandemiya MBA qədər Avroliqaya da ağır təsir göstərib. Buradakı komandaların üzvləri rəhbərliyi mövsümün nəticələrini ləğv etməyə çağırsa da, Jordi Bartomeu hələ də ümdini itirmir. Amma, görünür, Avroliqanın prezidenti də artıq yarışı başa vurmağın çətin olduğunu anlamağa başlayıb...

İki həftə əvvəl mövsümü bərpa edəcəklərini deyən Avroliqa rəhbərliyi fikrini hələ də dəyişməyib. Yəni indiki məqamda mövsümü ləğv etməkdən söhbət gedə bilməz. Amma deyəsən, azarkeşlər Kölndə planlaşdırılan “dördlər finalı”nı izləməyəcək. Liqa rəsmi saytı vasitəsi ilə Almaniyadakı oyunlara bilet alanların pullarını geri ala biləcəklərini elan edib. Avroliqanın prezidenti Jordi Bartomeu isə mətbuat konfransı təşkil edərək yeni formatı müzakirə etdiklərini söyləyib: “Biz mövsümü bərpa etmək istəyirik.Yarışları davam etdirsək, böyük ehtimalla azarkeşlər salonlara buraxılmayacaq. Təbii ki, indiki məqamda konkret tarix açıqlamaq mümkün deyil. Yalnız iştirakçıların virusa yoluxmayacağı təqdirdə mövsümü bərpa edə bilərik. Hazırda biz 8 komanda arasında qalibi pley-off sistemi ilə müəyyənləşdirmək formatı üzərində işləyirik. Çox güman ki, oyunlar yalnız bir şəhərdə keçiriləcək. Bu sözlər həm Avroliqaya, həm də Avrokuboka aiddir”.
Bəli, indiki məqamda, bu ən ideal variant kimi görünür. Hər halda, mövsümün nəticəsini ləğv etməkdənsə, yay fəslində 8 komanda bir oyun keçirməklə pley-off sistemində oynasa, vəziyyətdən çıxmaq olar. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir.