Məşhur gimnast Alina Kabayeva Tokio olimpiadasının təxirə salınmasının rusiyalı atletlərə problem yaradacağını deyib.
2004-cü il Afina Yay Olimpiya Oyunlarının çempionu öz ölkəsinin mətbuatına açıqlamasında bildirib: “İndiki vəziyyətdə olimpiadanın vaxtının dəyişdirilməsi doğru qərardır. İnsanların həyatını riskə atmaq olmaz. Amma istənilən halda, həmvətənlərimin işi xeyli çətinləşəcək. Biz həm mənəvi, həm də əsəb gərginliyi altında mübarizə aparacağıq.Üstəlik WADA ilə də problemlərimiz var. Həyəcanla İdman Arbitraj Məhkəməsinin qərarını gözləyirik. Biz stress içindəyik”.
Xatırladaq ki, Ümumdünya Antidopinq Agentliyi 2019-cu ilin sonunda Rusiya idmançılarının beynəlxalq yarışlarda çıxışlarını dörd il müddətinə qadağan edib.Bununla bağlı ölkənin Milli Olimpiya Komitəsinin şikayətinə Beynəlxalq İdman Arbitrajında aprelin sonunda baxılmalıdır. Lakin pandemiyaya görə çox güman ki, proses başqa vaxta keçiriləcək.