Çempionlar Liqasında  1/8 finalın cavab oyunları təxirə salınıb. Belə  ki, UEFA martın 17-nə nəzərdə tutulan  “Yuventus” – “Lion” və “Mançester Siti” – “Real”  matçlarının pandemiyaya  görə  keçirilməyəcəyini rəsmən açıqlayıb. Məlum olduğu kimi, “Real”ın basketbol komandasının bir üzvündə koronavirus aşkarlanıb. Madrid klubunun  həm basketbolçu, həm də futbolçu heyəti eyni bazada yerləşdiyindən onlar bütünlüklə  karantinə alınıb. Bu səbəbdən  “Real”ın üzvlərinə  məskunlaşdığı yerdən kənara çıxmaq qadağan edilib.

“Yuventus”un futbolçusu Daniele Ruqani də  koronavirusa yoluxduğundan  Turin komandasının “Lion”la oyununu keçirmək mümkün olmayıb. Bununla yanaşı, "Çelsi"nin futbolçusu Kallum Hadson-Odoinin orqanizmində koronavirusun aşkarlanması səbəbi ilə londonluların "Bavariya" ilə oyunu, həmçinin "Barselona" - "Napoli" görüşü də təxirə salınıb. Qarşıdakı həftə Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları da keçirilməyəcək.