Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçirilib.
Açılış nitqi ilə AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib. Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə futbolun populyarlaşmasından danışıb.
AFFA-nın baş mühasibi Xalid Cavadov maliyyə hesabatı verib. 2019-cu ildə AFFA-nın ümumi gəliri təxminən 30 milyon manat edib. İl ərzində təxminən 23,5 milyon manatdan çox vəsait xərclənib. Avropa Liqasının finalına təxminən 13.5 milyon manat xərclənib ki, bunun da 11 milyonunu Maliyyə Nazirliyi ayırıb. Müstəqil auditor Ülvi Həsənov AFFA-nın maliyyə hesabatının şəffaflığını təsdiqləyib. Konfransda AFFA prezidenti seçkisi olub. Rövnəq Abdullayev növbəti 4 il üçün assosiasiyanın rəhbəri seçilib. 2008-ci ildən quruma rəhbərlik edən bu şəxsə 2012-ci və 2016-cı illərdə də etimad göstərilib.
Konfransda AFFA İcraiyyə Komitəsinin üzvləri də müəyyənləşib. Həmin 12 nəfər bunlardır: İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehdiyeva.