"Real"ın qapıçısı Keylor Navas PSJ-yə keçməyə yaxındır. Kosta-rikalı qolkiper ötən gün Madrid klubunun baş məşqçisi Zinəddin Zidanla söhbətləşib. 32 yaşlı qapıçı az oynadığı üçün klubdan ayrılmaq istədiyi fransalı mütəxəssisə bildirib. Z.Zidan Navasın komandada qalmağını üstün tutsa da, oyunçunun bu istəyindən sonra onun klubdan ayrılmağına razılıq verib. Navasın artıq PSJ ilə razılığa gəldiyi bildirilib. Onun sabah Parisə gedəcəyi və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacağı gözlənilir.