Futbol üzrə 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı komandaların səfər məsafələri ilə bağlı müəyyən məhdudiyyətlər nəzərə alınacaq.
Bəzi ölkə cütlükləri arasında məsafənin həddindən artıq uzun olması səbəbindən onların eyni qrupa düşməsinə məhdudiyyət tətbiq ediləcək.
Məlumata görə, birbaşa uçuş müddəti və yerüstü əməliyyatlar üçün nəzərdə vaxt ən azı 8 saat təşkil edən səfərlər uzunməsafəli hesab olunur. Komandaların səfər yükünü azaltmaq məqsədilə belə ölkə cütlüklərdən yalnız birinin eyni qrupda yer almasına icazə veriləcək.
Azərbaycan millisi ilə bağlı da bu istiqamətdə məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, yığmamız Cəbəllütariq, İslandiya və Portuqaliya ilə eyni qrupa düşəcəyi təqdirdə uzunməsafəli səfər şərti nəzərə alınacaq.
Qeyd edək ki, AVRO-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək. Azərbaycan millisi püşkatmaya V səbətdən qatılacaq. Yığmamızla yanaşı, Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn komandaları da həmin səbətdə qərarlaşıb.