Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 13-cü yarış günü başa çatıb.
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, günü bir gümüş medalla başa vuran Azərbaycan komandası ümumi medal sıralamasında mövqeyini yaxşılaşdıraraq bir pillə irəliləyib. Hazırda yığmamız 3 qızıl və 3 gümüş medalla 11-ci yerdə qərarlaşıb.
Medal sıralamasına 32 medalla (17 qızıl, 8 gümüş, 7 bürünc) Çin başçılıq edir. Gün ərzində medal qazana bilməyən Yaponiya komandası 9 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya yığması isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü pillədə yer alıb. Misir 12 (6 qızıl, 1 gümüş, 5 bürünc) medalla dördüncü, Efiopiya komandası isə 8 (5 qızıl, 3 gümüş) medalla beşinci sıradadır.
Yarışların başa çatmasına cəmi bir gün qalmış medal qazanan ölkələrin sayı 98-ə yüksəlib. Onlardan 79-u qızıl medal əldə edib.
Xatırladaq ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kiloqram), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) qazandırıb. Çimərlik güləşində Nihad Süleymanlı (80 kiloqram), taekvondoda Adil Kazımlı (-73 kiloqram) və boksda Gülər Hüseynova (51 kiloqram) isə gümüş medala yiyələnib.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.