Azərbaycanın milli media tarixində xüsusi yeri olan iki böyük sənət və informasiya məbədinin – Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə möhtəşəm bayram gecəsi keçiriləcək.

 

Bu əlamətdar gecə Azərbaycan radio və televiziya tarixinin zəngin irsini, milli mədəniyyətimizin inkişafında oynadığı mühüm rolu, müxtəlif nəsilləri birləşdirən sənət və yaradıcılıq ənənələrini özündə ehtiva edəcək.

Yubiley tədbiri Azərbaycan mədəniyyətinin və incəsənətinin tanınmış nümayəndələrinin, sevilən sənət adamlarının iştirakı ilə əsl musiqi və sənət bayramına çevriləcək. Gecədə səhnəmizin parlaq ulduzlarının çıxışları, yaddaqalan musiqi nömrələri və xüsusi hazırlanmış bədii proqram tamaşaçılara unudulmaz anlar yaşadacaq.

Bir əsrlik radio və 70 illik televiziya tarixinin təntənəli şəkildə qeyd olunacağı bu gecə həm də Azərbaycan mediasının keçdiyi şərəfli yolun, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin rəmzi olacaq.

Tədbir 15 noyabr saat 19:00-da Azərbaycan Televiziyasının Mədəniyyət kanalında canlı yayımlanacaq.

Tarixin, sənətin, musiqinin və unudulmaz xatirələrin bir araya gələcəyi bu möhtəşəm yubiley gecəsini qaçırmayın!