Bu gün başımız üzərində vüqarla dalğalanan müqəddəs rəmzimiz Şuşada, Xankəndidə, Qarabağın hər bir guşəsində azadlığın nəfəsini gələcək nəsillərə pıçıldayır. Hər birimizin qəlbində sonsuz bir sevgi və ehtiramla ucalan bayrağımız dünənimizin zəfər salnaməsi, bu günümüzün qürur mənbəyi, sabahımızın sarsılmaz təminatıdır.

 

Noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günüdür. Bu müqəddəs tarix, sadəcə təqvimdəki bir bayram deyil; o, üçrəngli bayrağımızın hər bir dalğasında canlanan müstəqillik eşqimiz, tarixin sınaqlarından keçən milli kimliyimiz və bütövləşən Vətən qürurumuzdur.

Dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağının yaranma tarixinə qısa nəzər salaq.


Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb. Cümhuriyyətin süqutundan sonra onu endirsələr də, bayrağa olan sevgini milyonların ürəyindən çıxara bilmədilər. Endirilən üçrəngli bayraq 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə muxtar respublikanın bayrağı kimi qəbul olunub. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı bərpa edilib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Bayraq Gününün təsis edilməsi tariximizdə mühüm hadisələrdən biridir

Dövlət Bayrağı Gününün təsis edilməsi milli dövlətçilik tariximizdə mühüm hadisələrdən biridir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan olunub. Həmin il dekabrın 4-də Milli Məclis bu tarixi rəsmiləşdirib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarıdakı zolaq mavi, ortadakı qırmızı, aşağıdakı isə yaşıl rəngdədir. Qırmızı zolağın mərkəzində, bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Dövlət Bayrağımızın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağımızın hər bir rəngi dərin məna və tarixi məzmun daşıyır. Mavi rəng türkçülük ideyasını və xalqımızın tarixi köklərini, qırmızı rəng müasirliyi, elmi və tərəqqini, yaşıl rəng isə İslam mədəniyyətinə və mənəvi dəyərlərimizə bağlılığı ifadə edir. Bu üç rəngin vəhdəti xalqımızın milli ruhunu, əxlaqını, mənəviyyatını, saflığını və ülvi ideallarını özündə birləşdirir. Üçrəngli bayrağımız hər bir vətəndaşımız üçün tariximizi, milli kimliyimizi və gələcəyə baxışımızı əks etdirən müqəddəs rəmzə çevrilib.

Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağının xalqımız və dövlətimiz üçün əhəmiyyətini yüksək qiymətləndirərək demişdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Prezident İlham Əliyev də Dövlət Bayrağımızın xalqımızın həyatında tutduğu yeri xüsusi vurğulayaraq bildirmişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Həqiqətən də üçrəngli bayrağımız tariximizin bütün mərhələlərində xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü olub. O, bəzən istiqlal mübarizəmizin rəmzi, bəzən isə böyük zəfərlərimizin müjdəçisi kimi yüksəlib. Xüsusilə 2020-ci ildə əldə edilən tarixi Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması xalqımızın əsrlərlə davam edən həsrətinə son qoyan, müstəqilliyimizin və ərazi bütövlüyümüzün təntənəsinə çevrilən möhtəşəm hadisə oldu.

Azərbaycan Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır

Bu gün Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Azərbaycan əsgəri 28 illik ayrılıqdan sonra üçrəngli bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda və işğaldan azad edilmiş digər yaşayış məntəqələrində ucaldıb.

Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını bəyan etməsi bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılanıb. Bu xəbərdən sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı ilə küçələrə çıxaraq Şuşanın azad olunmasının sevincini bölüşüb. Şuşanın 28 ildən sonra azadlığa qovuşmasının Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etməsi isə bu tarixi hadisənin mənəvi əhəmiyyətini daha da artırıb.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirləri də qısa müddətdə qarşıya qoyulan hədəflərə çatmaqla nəticələnib. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər Azərbaycanın növbəti tarixi Qələbəsi kimi yadda qalıb. Bu hadisə ölkəmizin regionda sülh və sabitliyin əsas təminatçısı olduğunu, eyni zamanda, proseslərdə həlledici mövqeyə malikliyini nümayiş etdirib.

Əldə olunan nəticə Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasətinin, müdrik rəhbərliyinin və dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşən xalqımızın həmrəyliyinin növbəti təzahürü olub. Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması, tərk-silah olunması, separatçı rejimin özünü buraxması, eləcə də silah-sursatın və ağır texnikanın təhvil verilməsi nəticəsində ölkəmizin bütün ərazisində suveren hüquqları tam və qəti şəkildə bərqərar olub.

Bu tarixi prosesin davamı olaraq, 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaldıb. Həmin gün xalqımızın yaddaşına qürur və sevinc dolu tarixi an kimi həkk olunub. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin unudulmaz səhifələrindən birinə çevrilib.

Bu əlamətdar gündə məktəblərdə, meydanlarda, dövlət müəssisələrində və ölkəmizin müxtəlif guşələrində üçrəngli bayrağımız qürurla dalğalanır. Azərbaycan xalqı öz tarixini, dövlətçiliyini və müstəqilliyini təcəssüm etdirən bu müqəddəs rəmzin ətrafında birləşir.

Üçrəngli Azərbaycan Bayrağı daim azad səmalarda dalğalansın! Qoy onun hər dalğalanışı xalqımızın qürurunu, birliyini, gücünü və müstəqillik əzmini yaşatsın. Bayrağımız hər zaman uca, dövlətimiz qüdrətli, Vətənimiz bütöv və xalqımız firavan olsun!