Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa Kuboku keçiriləcək.

 

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, kişi və qadın klubları arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq və qitənin ən güclü klublarını bir araya gətirəcək.

Azərbaycan mötəbər yarışda 2 klubla təmsil olunacaq.

Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev “Vüqar Həşimov” klubunda çıxış edəcəklər. Klubun kapitanı Sərxan Həşimov olacaq.

Qadınların yarışında isə Azərbaycanın aparıcı şahmatçılarından formalaşan “Odlar Yurdu” klubu mübarizə aparacaq.

“Odlar Yurdu”nun heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdur.