Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı yarımfinala yüksəlib.

 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Sübhan Mamedov (50 kiloqram) 1/4 finalda İştvan Saka (Macarıstan) ilə döyüşüb. Dünya çempionumuz rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, sentyabrın 23-də yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.

Amin Məmmədzadə (55 kiloqram) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Boksçumuz sentyabrın 24-də yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.

Məhəmməd Abdullayev (+90 kiloqram) də rinqdən qalib ayrılıb. Dünya Kubokunun sahibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev sentyabrın 23-də yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.

Yarımfinala yüksələn boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. Bu gün, həmçinin Nəbi İsgəndərov (70 kiloqram) 1/2 finalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kiloqram) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.