Londonun "Çelsi" klubunun kapitanı və müdafiəçisi Ris Ceyms "Real Sosyedad"a qarşı keçirilən yoldaşlıq görüşündən (3:1) sonra yeni mövsümlə bağlı gözləntilərini bölüşüb.
"Çelsi"nin rəsmi saytında yer alan məlumata görə, Ceyms çətin hava şəraitinə baxmayaraq, komandanın matçı yaxşı keçirdiyini bildirib.
"Yenidən meydana qayıtdığım üçün şadam, çünki mövsüm artıq bir həftə sonra başlayır. Fasilə kifayət qədər qısa oldu, buna görə də dünənki oyunda özümü yaxşı hiss edirdim. Şərait çətin idi, hava çox isti idi, amma özümü əla hiss edirəm. Hələ bir qədər nəfəsimi düzəltməliyəm, lakin dünənki gün irəliyə doğru atılmış yaxşı addım oldu", - deyə futbolçu bildirib.
Ceymsin sözlərinə görə, mövsümlərarası fasilə istədiyindən daha qısa olub. Buna baxmayaraq, o, məşqlərə və oyunlara qayıtdığı üçün sevindiyini qeyd edib.