UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya limitini artırıb.
Bundan sonra növbəti matçı buraxmaq cəzası qırmızı vərəqə ilə nəticələnməyən 4 sarı vərəqədən sonra tətbiq olunacaq.
Növbəti diskvalifikasiyalar isə hər müvafiq cüt saylı – 6-cı, 8-ci və daha sonrakı xəbərdarlıqlardan sonra qüvvəyə minəcək.
Avrokubokların təsnifat mərhələlərində isə qaydalar dəyişməyəcək. Burada cəza 3 sarı vərəqədən, daha sonra isə hər növbəti tək saylı xəbərdarlıqdan sonra tətbiq ediləcək.
UEFA bu dəyişikliyi 2024/2025 mövsümündən etibarən qüvvəyə minən avrokubok islahatları ilə əsaslandırıb. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində matç sayının 6-dan 8-ə qaldırılması səbəbindən əvvəlki sistem vərəqə limitinin aşılmasına görə diskvalifikasiyaların çoxalmasına gətirib çıxarırdı.
Qeyd edək ki, yeni qaydalar əsas mərhələsi 6 matçdan ibarət olan UEFA Konfrans Liqasında da keçərli olacaq. Qitə futbol qurumu bunu qış "transfer pəncərəsi"ndə futbolçuların müxtəlif avrokubok iştirakçıları arasında keçid edə biləcəyi ehtimalı ilə izah edib.