Bakıda keçirilən U-17 dünya çempionatında bu gün sərbəst güləş üzrə mübarizəyə start veriləcək.
Yarışın 5-ci günündə Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Hüseyn Rzazadə (48 kiloqram) Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan) cütünün qalibi, Abbas Şəfiyev (55 kiloqram) Temirlan Murat (Qazaxıstan), Rəşid Nazarov (65 kiloqram) Erik Papikyan (Ermənistan), Nihad Süleymanlı (80 kiloqram) Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan) cütünün qalibi, Hakim Tağıyev (110 kiloqram) isə Behruz Aşirov (Özbəkistan) ilə üz-üzə gələcək.
Digər 5 çəkidə mübarizə aparan iştirakçılar avqustun 1-də yarışa qoşulacaqlar.
Bu gün, həmçinin qadınların mübarizəsində Gülxanım Şirinova (40 kiloqram) və Fatimə Bayramova (53 kiloqram) təsəlliverici qarşılaşmalarda qüvvələrini sınayacaqlar.
Hələlik Azərbaycanın aktivində 6 medal var. Yunan-Roma güləşində İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkəzov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.