Beynəlxalq idman aləmində yeni ulduzun parıltısı görünür. Qazaxıstanın Kustanay şəhərinin sakini, 11 yaşlı azərbaycanlı şahmatçı İman Nəbiyev kiçik yaşına rəğmən yüksək mükafatlardan ibarət kolleksiya toplayıb.

 

Onun kolleksiyasında yüksəksəviyyəli dünya və regional turnirlərdə qazanılmış 83 medal və 19 kubok var. Beş yaş yarımdan şahmata həvəs göstərən İman strateji düşünmək qabiliyyəti və çempion xarakteri nümayiş etdirir, dünya şahmat aləmi üçün yüksək potensiala malik olduğunu göstərir.

İstedadlı şahmatçı deyir: “Mən bu idman növünü çox sevirəm, çünki hər şeyi diqqətlə düşünmək lazımdır. Uzun oyunlar olur və məhz bu anlarda hər şey qərarlaşdırılır: kimin xarakteri daha güclüdür və kim oturub daha uzun müddət oynaya bilər”.

Gənc istedadın geniş təcrübəsi heyrətamizdir: İman 11 yaşına qədər 50-dən çox ölkəyə səfər edib və iştirak etdiyi turnirlərdə ən yüksək reytinqlər uğrunda mübarizə aparmışdır.

İmanın tarixi vətəni onun qəlbində və idman karyerasında xüsusi yer tutur. “Azərbaycan mənim tarixi vətənimdir; mən özüm də azərbaycanlıyam. Orada iki dəfə olmuşam və yerli turnirlərdə iştirak etmişəm”, - deyə gənc çempion vurğulayır.

Fürsətdən istifadə edən İman bütün Azərbaycan şahmatçılarına beynəlxalq arenada uğurlar və yeni, parlaq qələbələr arzulayır.

İman Nəbiyev müasir şahmat elitasına yaxşı bələddir və Maqnus Karlsen, Hikaru Nakamura, Alireza Firuzja və Fabiano Karuana kimi tanınmış ustaların oyunlarını diqqətlə öyrənir. Gənc şahmatçının iddialı, lakin çox konkret məqsədləri var.

“Onlarla oyunları qazana bilsəydim, əla olardı; mən də dünya ulduzu ola bilərdim”, - deyə o bildirir.

Gələcək planları barədə sualı cavablandıran İman tərəddüd etmədən dünya çempionu olmaq və ən yüksək şahmat titulunu - beynəlxalq qrosmeyster adını qazanmaq istədiyini bildirir. Onun zəhməti, qətiyyəti və böyük təəssürat doğuran qələbə rekordu nəzərə alınarsa, bu zirvələrə çatmaq gənc soydaşımız üçün yalnız zaman məsələsidir.