Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı start götürüb.
Mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutub.
Paytaxt Mexikodakı "Asteka” stadionunda təşkil olunan qarşılaşma ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Xulian Kinyones və Raul Ximenes vurublar.
Afrika təmsilçisi görüşü 9 nəfərlə başa vurub. Əvvəlcə Yaya Sitole, daha sonra Temba Zvane qırmızı vərəqə alaraq meydanı tərk ediblər. Meksika millisinin heyətində isə Sesar Montes meydandan qovulub.
Qeyd edək ki, bu qrupun digər oyununda Cənubi Koreya millisi Çexiyanı sınağa çəkəcək. Həmin görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.