İyunun 19-da futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, 36 komanda hər birində 12 milli olmaqla, 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. Azərbaycan seçməsi 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandanın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, və Almaniya yığmaları olmayacaq.
12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.
UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan Ermənistan Azərbaycanla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza sanksiyası isə davam edir.
1-ci səbət
Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland.
2-ci səbət
Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan.
3-cü səbət
Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.
Əsas mərhələ
Qrup oyunlarının tarixləri
12-21 oktyabr 2026
2-11 noyabr 2026
6-9 dekabr 2026
22 fevral – 3 mart 2027
Pley-off mərhələsinin püşkatması: 3 mart 2027
Pley-off oyunlarının keçirilmə tarixi: 12-21 aprel 2027
Elit-raund mərhələsi
Elit-raundun püşkatma mərasimi: 20 may 2027
Qrup oyunlarının təqvimi
6-15 sentyabr 2027
11-20 oktyabr 2027
13-22 dekabr 2027
Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.