Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində qeyri-rəsmi yaşayış məskənləri və gecəqonduların dəyişdirilməsi məsələləri müzakirə olunub.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Cənubi Afrikanın Vits Universitetinin professoru Mari Hukzemann və digər çıxışçılar qeyri-formal məskunlaşmanın təkcə az inkişaf etmiş ölkələrin deyil, meqapolislərin də ciddi problemi olduğunu vurğulayıblar. Onlar qlobal miqyasda bu sahədə sistemli nəticəyə nail olunmadığını bildiriblər. Bu problemin milli qanunvericilik və maliyyə sistemlərinə inteqrasiyasının vacibliyini qeyd ediblər.

Diqqətə çatdırılıb ki, qeyri-rəsmi yaşayış məskənlərində iqtisadi fəaliyyətin rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan modeli təqdim olunub. Natiqlər qeyri-formal yaşayış məskənləri probleminin həllində dövlətin və cəmiyyətin birgə fəaliyyətinin və sistemli islahatların həlledici rol oynadığını vurğulayıblar.