Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbir keçirilib.

 

Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Baku Hub) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və digər şəxslər iştirak ediblər.

Sessiyalar zamanı iqlim dəyişiklikləri, postmünaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geridönüş mexanizmləri, şəhər dayanıqlılığı məsələləri müzakirə olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva bildirib ki, Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır. O, Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərindən bəhs edərək deyib ki, Azərbaycan postböhran və postmünaqişə vəziyyətləri üçün yeni inkişaf modeli formalaşdırır.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iqlim dəyişiklikləri ilə urbanizasiya arasında əlaqə olduğunu və bu prosesin xüsusilə qaçqın düşərgələrinə ciddi təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, iqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr, eyni zamanda, maliyyə baxımından həssas dövlətlərdir.

Sessiya zamanı iqlim dəyişiklikləri, postmünaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geri dönüş mexanizmləri, şəhər dayanıqlılığı və urban inkişaf məsələləri müzakirə olunub.

Çıxışlarda vurğulanıb ki, iqlim çağırışları və münaqişələrin yaratdığı problemlər fonunda dayanıqlı şəhərsalma və adekvat yaşayış şəraitinin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Heç bir şəhər və ya region iqlim problemlərinin yaratdığı çətinlikləri təkbaşına aradan qaldıra bilməz. Bu problemlərlə mübarizə üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.