ABŞ-nin Nyu-York ştatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Prezident kuboku” (“President Cup”) adlı şahmat turniri keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, turnir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, uzun illər ABŞ-də yaşayan beynəlxalq dərəcəli şahmatçı Elvin Bağır-Pourun rəhbəri olduğu “Chess Father” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Yarış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
Elvin Bağır-Pour Ümummilli Liderin Azərbaycanda şahmatın inkişafındakı əvəzsiz rolundan danışıb. O qeyd edib ki, idmana da xüsusi qayğı göstərən dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmələri üçün əlverişli şərait yaradılıb.
İsveçrə sisteminə əsasən keçirilən turnirdə 5-60 yaş arasında 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışda tanınmış qrosmeysterlər Aleksandr Lenderman, Mykola Bortnyk və Liam Henry də iştirak edib.
Yarışın yekun nəticələrinə görə Liam Henry 1-ci, James Blackr 2-ci, Aleksandr Lenderman isə 3-cü yerə layiq görülüb. Qaliblərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev tərəfindən kubok və medallar təqdim edilib.
Qeyd edək ki, “President Cup” şahmat turniri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündən etibarən artıq dördüncü dəfədir keçirilir və ABŞ Şahmat Federasiyası tərəfindən rəsmi olaraq qeydə alınıb.