Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən  başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan xalqı qarşısında dediyi bu sözləri  31 iyul 2023-cü il tarixdə imzaladığı  sərəncamla  əbədiləşdirdi. 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq cəbrayıllılar, eləcə də  bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.

 

Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı dəfələrlə rayona səfər edərək, görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona səfərləri  zamanı Cəbrayıl şəhərində və qədim Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb.