Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7 min 282 nəfərin iştirakı nəzərdə tutulur.
Həmin gün aşağıdakı şəxslər üçün imtahan keçiriləcək:
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.
İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.
İmtahanlar saat 10:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.