2008-ci ildə keçirilən Yay Olimpiya oyunları zamanı Azərbaycanda spesifik idman kanalının yaranmasına ehtiyac duyulduğu daha qabarıq şəkildə özünü göstərdi. Məhz buna görə də, ölkə rəhbərinin sərəncamı ilə idman kanalının yaradılması işlərinə başlanıldı. Azərbaycanda belə bir kanalın yaranması üçün dövlət tərəfindən tender elan edildi. Tenderin qalibi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC oldu.

 

Qısa bir zaman ərzində kanalın yaranması üçün lazımi işlər görüldü, texniki məsələlər həllini tapdı. 2009-cu il yanvarın 1-də “İdman Azərbaycan” kanalı adı altında test yayıma başlanıldı. Bir ay müddətində kanal 3 saat ərzində sınaq rejimində tamaşaçılara təqdim edildi. Fevral ayının 1-də isə kanalın rəsmən açıldığı elan olundu. İlk vaxtlarda “İdman Azərbaycan” kanalı gündüz saat 12:00-dan yayıma başladı. Qarşıdakı illərdə isə kanal sutkalıq yayım rejiminə keçdi.

Ölkə prezidenti cənab İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə yaradılan kanalın əsas məqsədi dünyanın ən mötəbər yarışlarının və Azərbaycan daxilində baş tutan turnirlərin ödənişsiz şəkildə yayımını təşkil etmək, bir-birindən rəngarəng reportajlarla tamaşaçıların qarşısına çıxmaqdır. Yarandığı ilk gündən “İdman Azərbaycan” kanalı da məhz bu şüarı əsas tutur. Bu müddət ərzində telekanal vasitəsilə dünyanın ən böyük turnirləri yayımlanmışdır. Bunlara misal kimi, Yay və Qış Olimpiya oyunları, Bakıda 2015-ci ildə baş tutan ilk Avropa oyunları, 2017-ci ildə ölkəmizdə təşkil edilən 4-cü İslam Həmrəyliyi oyunları və digərlərini qeyd etmək mümkündür. Bunlardan əlavə, telekanal dünya idmanının ən reytinqli yarışlarını da tamaşaçılara çatdırmaqdadır. Futbol üzrə Çempionlar Liqası, İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası, Formula 1 üzrə dünya çempionatı, basketbol üzrə Avroliqa turniri, MBA və bir sıra müxtəlif yarışlar “İdman Azərbaycan” kanalının efirini bəzəyib.

Hazırda 16 yaşını qeyd edən “İdman Azərbaycan” kanalı bu gün də tamaşaçılara xoş dəqiqələr bəxş etmək üçün əlindən gələni əsirgəmir. Bu gün telekanal futbol üzrə İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, Almaniyanın 2-ci Bundesliqası, basketbol üzrə Avroliqa turniri, basketbol üzrə Azərbaycan çempionatı, Formula 1 üzrə dünya çempionatı, cüdo və gimnastika üzrə il ərzində baş tutan bütün beynəlxalq və ölkədaxili yarışlar, minifutbol üzrə Azərbaycan çempionatı , Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı və digər turnirləri yayımlamaq hüququna sahibdir.