Millətlər Liqasının A Divizionunda növbəti qarşılaşmalar keçirilib. Birinci qrupun lideri Portuqaliya millisi səfərdə Xorvatiya futbolçuları ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı qonaqlar açıblar. 33-cü dəqiqədə Vitinyanın ötürməsini Joao Feliks qolla tamamlayıb. İkinci hissədə Yoşka Qvardiol bərabərlik yaradıb.
Polşa kollektivi isə Şotlandiya yığması ilə görüşüb. 3-cü dəqiqədə Con Makgin bu görüşdə də fərqlənərək azarkeşləri sevindirib. Fasilədən sonra Kamil Pyetkovski rəqib qapısına yol taparaq bərabərliyi təmin edib. Lakin qonaqlar görüşün sonlarında daha 1 qol vuraraq növbəti 3 xalı qazanıblar. Andryu Robertson mübarizəyə nöqtə qoyub: Polşa – Şotlandiya 1:2.
Beləliklə, A divizionunun 1-ci qrupundan Polşa və Xorvatiyanın play-offa yüksəlməsi dəqiqləşib. Şotlandiya yığması A liqası uğrunda mübarizə aparacaq. Polşa millisinin isə B divizionuna düşməsi dəqiqləşib.
Elit divizionun 4-cü qrupunda da mübarizə başa çatıb. Son Avropa çempionu İspaniya millisi öz meydanında İsveçrə kollektivi ilə görüşüb. Hesab 32-ci dəqiqədə açılıb. Pedrinin uğursuz penalti zərbəsinin ardınca dəqiq oynayan Eremi Pino azarkeşləri sevindirib. İkinci hissədə Joel Monteyru bərabərliyi təmin edib. 5 dəqiqə sonra Brayan Jil yenə də ispanları önə çıxarıb. Görüşün sonlarında hakim 2 penalti təyin edib. 85-ci dəqiqədə Andi Zekiri yenidən bərabərlik yaradıb. Lakin az sonra Brayan Zaraqoza qələbə qolunun müəllifi olub: İspaniya – İsveçrə 3:2.
Həmin qrupda keçirilən Serbiya – Danimarka qarşılaşması isə qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da İspaniya və Danimarka milliləri A liqasından play-offa yüksəlib. Serbiya divizionda qalmaq uğrunda mübarizə aparacaq. İsveçrə isə növbəti ildən B liqasında mübarizə aparacaq.