Futbol üzrə milli komandamız bu gün Millətlər Liqasının C Liqasında sonuncu oyununu keçirəcək.
Futbolçularımız səfərdə İsveç millisinin qonağı olacaq. Millimiz bu oyuna itkilərlə çıxacaq. Belə ki, cəzalı olan Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədov və viza probleminə görə səfərə aparılmayan Mustafa Əhmədzadə bu günkü qarşılaşmada meydana çıxa bilməyəcəklər. Yığmamızın baş məşqçisi Fernandu Santuş oyundan öncə keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bildirib: “Rəqibimiz İsveç millisi hər oyuna xüsusi yanaşır. Biz də rəqibi təhlil edirik, buna uyğun taktika ilə çıxış edəcəyik. İsveçlilər Estoniya yığmasından tam fərqli oyun üslubuna malikdirlər. Keyfiyyətli futbolçulardan qurulan güclü rəqibə qarşı çıxış edəcəyik. Ancaq özümüzə inanmalı və qələbə üçün mübarizə aparmalıyıq. Ümumiyyətlə, elə heyət olmalıdır ki, müdafiə olunmaqla yanaşı, hücumlar qurmağı, təhlükəli vəziyyətlər yaratmağı da bacarmalıdır. Milli komanda üç gündən bir çıxış edir. Bunu nəzərə alsaq, heyətdə bəzi dəyişikliklər ola bilər”.
Qeyd edək ki, Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.