Azərbaycan Kubokunda 1/8 finalın iştirakçıları müəyyənləşdi

31 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan Kuboku uğrunda yarışın 1/16 final mərhələsində daha 4 qarşılaşma keçirilib. Günün ilk matçında “Qaradağ” Lökbatan və “Karvan” kollektivləri üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Lökbatan təmsilçisinin heyətindən Ceyhun Muxtarlı dubl edib. Hüseyn Əliyev isə bir dəfə fərqlənib. 3:0.
“Mingəçevir” isə “Zaqatala” ilə qarşılaşıb. Qarşılaşma minimal hesabla yekunlaşıb. Əsas vaxtda rəqib qapısı önündə təhlükəli cəhdlərlə yadda qalan “Mingəçevir” kollektivi istəyinə 44-cü dəqiqədə çatıb. Taleh Fərmanov komandasının qələbəsində əsas pay sahibi olub.
Günün ən böyühesablı görüşü Şamaxı şəhərində qeydə alınıb. Yerli “Şamaxı” komandası “Şəmkir” futbolçuları ilə üz-üzə gəlib. İlk hissədə 5 qol vurulub. Emin Zamanov dubl edib. Conatan Benteke və Qurban Səfərov isə hərəyə bir dəfə fərqləniblər. “Şəmkir” komandası isə buraxılan toplardan yalnız birinin əvəzini çıxıb. Vidadi Cəfərov komandasını ümidləndirib. İkinci hissədə meydan sahibləri daha 2 qolla yadda qalıblar. Fəxri Məmmədli 62-ci dəqiqədə “Şamaxı”nın 5-ci qolunu vurub. Ardınca isə Conatan Benteke dublla yadda qalıb. “Şamaxı” – “Şəmkir” 6:1.
“Şəfa” – “Difai” Ağsu görüşünün qalibi isə əlavə vaxtda müəyyənləşib. Birinci hissədə “Difai” Ağsu futbolçuları 2 dəfə rəqib qapısına yol taparaq hesabda irəli çıxıblar. Lakin təşəbbüsü əldən verməyən “Şəfa” komandası fasilədən sonra bərabərlik yaratmağa nail olub. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxta ehtiyac yaranıb. Rəqibindən daha sürətli olan qonaqlar yekunda qələbəni rəsmiləşdiriblər.

CANLI YAYIM