“Qarabağ” UEFA Avropa Liqasının 3-cü turunda Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda “Ayaks”ı qəbul edəcək.
Ağdam klubu ilk 2 turdan sonra xal qazana bilməyib. Xatırladaq ki, komandamız 1-ci turda Londonda “Tottenhem”ə, 2-ci matçda isə Bakıda “Malmö”yə uduzub. Ayaks isə 2 tura 4 xal əldə edib. Beşiktaşı məğlub edən Amsterdam klubu Praqada Slaviya ilə heç-heçə etmişdi. Qeyd edək ki, “Ayaks” Bakıda “Qarabağ”a rəqib olacaq ən titullu klubdur. Görüşdən qabaq keçirilən ənənəvi mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov bu amilə diqqət çəkib. O, belə klublarla qarşılaşmağın onlar üçün əslində üstünlük olduğunu və böyük təcrübə qazandıqlarını dilə gətirib: "Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir".
"Ayaks"ın baş məşqçisi Françesko Farioli isə oyundan əvvəl bunları söyləyib: "
"Qarabağ" çox güclü komandadır. Onlar barədə bir çox məlumatlar əldə etmişik. Oyundan əvvəl təbii ki, rəqibi araşdırmışıq. Proqnoz vermək çətindir. Bizim işimiz rəqibi düzgün analiz edib, onların zəif tərəflərini müəyyənləşdirməkdi. Hədəfimiz təbii ki, ən yaxşı nəticəni qazanmaqdır. Heyətdə Zədəli futbolçularımız var. Buna baxmayaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacıq"
Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlanacaq. Oyunu şotlandiyalı Nikolas Uolş-un başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.