PSJ və "Borussiya" ÇL-də yarımfinala yüksəlib

17 Aprel, 10:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilir. Səfərdə “Pari Sen Jermen”ə 3:2 hesabilə qalib gələn “Barselona” öz meydanında uğurun davamını gətirə bilməyib. Halbuki hesabı Kataloniya klubu açıb. 12-ci dəqiqədə Rafinya meydan sahiblərinə üstünlük qazandırıb. 29-cu dəqiqədə “Barsa” azlıqda qalıb. Rəqibi aşkar qol vurmaq imkanından məhrum edən Ronald Arauxo qırmızı vərəqəylə cəzalanıb. 40-cı dəqiqədə hesab bərabərləşib. Usman Dembele keçmiş komandasını məyus edib. Fasilədən sonra “Pari Sen-Jermen” say üstünlüyündən faydalanaraq daha 3 qol vurub. Vitinya 54, Kilyan Mbappe 61-ci dəqiqədə fərqlənib. Sona yaxın fransalı ulduz dubl edərək mübarizəyə nöqtə qoyub: “Barselona” – “Pari Sen Jermen” 1:4. Ümumi nəticəyə əsasən 6:4 hesabilə üstün olan Paris klubu ən güclü 4 komanda sırasına daxil olub.
İspaniyanın digər komandası “Atletiko” Madrid də mərhələ adlaya bilməyib. Doğma meydanda  2:1 hesabilə qalib gələn Dieqo Simeonenin kollektivi “Siqnal İduna Park”da “Borussiya” Dortmundla bacarmayıb. Almaniya klubu ilk hissədə rəqibi 2 dəfə cəzalandırıb. Yulian Brandt və İan Matsen yerli azarkeşləri sevindirib. Dortmund futbolçuları ümumi hesabda minimal fərqlə önə keçsələr də, “Atletiko” fasilədən sonra hesabı bərabərləşdirərək vəziyyəti yenidən xeyrinə dəyişib. 49-cu dəqiqədə Mats Hummels avtoqol müəllifi olub. 64-cü dəqiqədə isə Anxel Korrea diqqət mərkəzinə düşüb. Lakin meydan sahibləri təşəbbüsə yiyələnərək daha 2 qol vurmağa nail olublar. 71-ci dəqiqədə Niklas Fülkruq, az sonra Marsel Zabitser “Borussiya” Dortmundun 4:2 hesablı qələbəsini təmin edib. Beləliklə Edin Terziçin komandası 2 oyunun yekunlarına əsasən 5:4 hesabilə qələbə qazanaraq yarımfinala yüksəlib. Beləliklə bu mərhələdə “Borussiya” Dortmund və “Pari Sen-Jermen” üz-üzə gələcək. İlk oyun aprelin 30-u Almaniyada keçiriləcək.

CANLI YAYIM