"İnter" və "Bolonya" öz meydanında qalib gəldi

2 Aprel, 12:05 Sosial mediada paylaşın:
İtaliya A seriyasında 30-cu tur yekunlaşıb. Böyük xal fərqilə lider olan “İnter” autsayderlərdən “Empoli”ni qəbul edib. Qarşılaşmaya gözlənildiyi kimi güclü hücumlarla başlayan “Neradzurri” erkən qolla hesabı açıb. 6-cı dəqiqədə Federiko Di Marko meydan sahiblərinə üstünlük qazandırıb. İlk hissə minimal hesabla bitib. Fasilədən sonra da oyunun məzmunu dəyişməyib. Daha inamlı təsir bağışlayan “İnter” 2-ci qolu vurub. 81-ci dəqiqədə Aleksis Sançes diqqət mərkəzinə düşüb. Simone İnzaginin komandası qalan vaxtda sərfəli nəticəni qoruyaraq 2:0 hesablı qələbəni təmin edib.
İndiki mövsüm UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Bolonya” da 30-cu turda qələbə qazanıb. Tyaqo Mottanın komandası yarış cədvəlinin zirzəmisində olan “Salernitana”nı məğlub etməkdə çətinlik çəkməyib. Meydan sahibləri fasiləyədək rəqibi 2 dəfə cəzalandırıb. Rikardo Orsolini 14, Aleksis Salemakers 44-cü dəqiqədə fərqlənib. Qonaqlar 2-ci yarıda dönüş edə bilməyiblər. ƏVəzində sona yaxın Xaralamos Likoyanis yekun nəticəni müəyyənləşdirib. “Bolonya” – “Salernitana” 3:0. Tyaqo Mottanın komandası xallarının sayını 57-ə çatdıraraq 4-cü pillədə möhkəmlənib. “Yuventus” 59 xalla 3-cü, “Milan” 65 xalla 2-cidir. “İnter” 79 xalla yarış cədvəlinə başçılıq edir.

CANLI YAYIM