5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür

3 Mart, 10:00 Sosial mediada paylaşın:
Azərbaycanda bədən tərbiyəsi və idman gününün martın 5-i qeyd olunması təsadüfi deyil.
Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qaliblərilə görüşüb. “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz” -  ulu öndərin bu tarixi sözləri söylədiyi  həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqamət müəyyənləşdirildi. Həmin tarixi görüşdən az sonra Azərbaycan Prezidenti Yanında İdman Fondu yaradıldı. Elə həmin dövrdə  İlham Əliyevin milli olimpiya komitəsinin prezidenti  seçilməsi ölkəmizdə idmana diqqət daha da artdı. Maddi-texniki baza möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı. Onların yarışlara peşəkar səviyyədə hazırlaşması üçün lazımi tədbirlər görüldü. Bütün bunlar tezliklə mötəbər turnirlərdə nailiyyətlərində əksini tapdı. Sidney, Afina, Pekin, London, daha sonra Rio-de-Janeyro və Tokio  olimpiadalarında Azərbaycan idmançıları uğurla çıxış etdilər. Ölkəmiz  təkcə atletlərinin uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi də şöhrət qazanıb. Bakı-2015 ilk Avropa oyunları, 4-cü İslam Həmrəylik oyunıları, Gənclərin Yay Olimpiya Festivalı, Formula 1 Qran-priləri, Avro-2020-nin qarşılaşmaları, UEFA Avropa Liqasının final oyunu  və digər nüfuzlu yarışlar  Azərbaycan idmanının  ən parlaq səhifəsi kimi tarixə yazılıb. Prezident İlham Əliyevlə yanaşı Oyunların təşkilat komitəsinin sədri Mehriban xanım  Əliyeva da  yarışların uğurla keçirilməsində müstəsna xidmət göstərdi. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. İndi təkcə Bakıda deyil, bütün bölgələrimizdə müasir olimpiya kompleksləri fəaliyyət göstərir. Paytaxtımızda ən müasir tələblərə cavab verən Heydər Əliyev adına İdman Konsert Kompleksi, Olimpiya stadionu, Bakı İdman Sarayı, Milli Gimnastika Arenası, Tennis akademiyası, Su İdman Sarayı və digər qurğular fəaliyyət göstərir. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi və Qusarda  “Şahdağ”, habelə Qəbələdə “Tufandağ” qış-yay kompleksləri isə ölkəmizdə həm müvafiq  idman növlərinin, həm  də turizmin inkişafı üçün  imkanlar yaratdı.
İndi Azərbaycanın sosial həyatında, o cümlədən,   idman aləmində yeni  mərhələ   başlanır. İşğaldan azad olunan doğma Qarabağımızda yeni idman qurğuları tikiləcək, orada dünya və Avropa çempionatları keçiriləcək,  həyat canlanacaq. Bununla bağlı geniş tədbirlər görülür. Şuşa, Zəngilan, Suqovuşanda beynəlxalq yarışlar keçirilir. Xankəndi şəhər stadionunda ilk dəfə  Azərbaycan kubokunun oyununun  təşkili ölkə futboluna tarixi hadisə kimi həkk olundu. Xankəndi-Bakı ultramarafonu da azad Qarabağımızda kütləvi idman yarışları siyahısına əlavə edildi. Bu sahədə  uğurlarımız  Azərbaycan idmanının tərəqqisini, onun qüdrətini və ən başlıcası atletlərimizin Vətən məhəbbətini, fədakarlığını bir daha əyani şəkildə nümayiş etdirir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda idmanın inkişafı artıq reallıqdır. Əlamətdar haldır ki, atletlərimiz 5 Mart Bədən Tərbiyəsi və İdman gününü Qalib ölkənin qalib idmançıları kimi qeyd edirlər. Sözsüz  ki, onlar qarşıdakı sınaqlarda   yeni uğurlar əldə edəcək, bayrağımızı yüksəldəcək və himnimizi səsləndirəcəklər.

CANLI YAYIM