Sinner Cokoviçi məğlub etdi, Sitsipas turnirdən çəkildi

15 Noyabr, 12:05 Sosial mediada paylaşın:
İtaliyanın Turin şəhərində mövsümün ən yaxşı 8 kişi tennisçisi arasında keçirilən ATP Final turnirində mübarizə davam edir.
Yarışda ikinci tura start verilib. Yaşıl qrupda mübarizə aparan Novak Cokoviç və Yannik Sinner üz-üzə gəlib.11-ci qeymdə breyk edən Sinner ilk seti aktivinə yazdırıb. Qalibin tay-breykdə müəyyənləşdiyi ikinci hissədə Cokoviç üstün olub. Lakin serbiyalı raketka ustasının bundan artığına gücü çatmayıb. Üçüncü setdə 13 qeymin yekununda rəqibini məğlub edən Yannik qələbəsini rəsmiləşdirib - 7:5, 6:7 və 7:6.
Qrupun digər görüşü Stefanos Sitsipas və Holqer Rune arasında oynanılıb. Matç 17 dəqiqə ərzində yekunlaşıb. Birinci setin üçüncü qeymindən sonra Sitsipas zədə səbəbindən qarşılaşmanı davam etdirə bilməyib. Beləliklə, Rune turnirdə ilk qələbəsini qazanıb. Qeyd edək ki, Stefanosyarışda iştirakdan da imtina edib. Üçüncü turda onu Hubert Hurkaç əvəzləyəcək.
İki turdan sonra maksimum nəticə göstərən Yannik Sinner Yaşıl qrupda liderliyini qoruyub. Təkcə İtaliya təmsilçisindən geri qalan Novak Cokoviç ikincidir. Holqer Rune üçüncü, Stefanos Sitsipas isə sonuncu sırada qərarlaşıb. Qrup mərhələsini ilk iki pillədə başa vuran tennisçilər yarımfinala vəsiqə əldə edəcəklər.

CANLI YAYIM