Cokoviç 24-cü dəfə "Böyük Dəbilqə" yarışının qalibi oldu

11 Sentyabr, 13:20 Sosial mediada paylaşın:
Amerika Birləşmiş Ştatlarında keçirilən mövsümün sonuncu "Böyük  Dəbilqə" seriyalı tennis turniri - "US Open"ə yekun vurulub. Kişilərin finalında Novak Cokoviç və Daniil Medvedev üz-üzə gəlib. İkinci qeymdə breyk edən və üstünlüyü sona qədər qoruyan Cokoviç ilk seti aktivinə yazdırıb. İkinci hissənin qalibi tay-breykdə müəyyənləşib. Serbiyalı tennisçi rusiyalı rəqibini məğlub edərək hesab arasındakı fərqi artırıb. Üçüncü setdə də Medvedev Novaka güclü müqavimət göstərə bilməyib. Nəticədə 3:0 hesabı ilə qələbə qazanan Cokoviç 4-cü dəfə "US Open"in, 24-cü dəfə isə "Böyük dəbilqə" seriyalı turnirlərin qalibi olub. Beləliklə, o, rekordunu daha da yaxşılaşdırıb. Xatırladaq ki, ikinci sırada qərarlaşan Rafael Nadal 22 dəfə analoji uğura imza atıb.
Karyerasında 4-cü dəfə mövsüm ərzində 3 "Böyük dəbilqə" tituluna sahib çıxan 36 yaşlı raketka ustası bu mənada da bir ilk müəyyənləşdirib. Həmçinin o, Ken Rozvollu geridə qoyaraq "US Open"i qazanan ən yaşlı tennisçi kimi tarixə düşüb. Bununla yanaşı, Cokoviç titullarının sayını 96-ya çatdırıb. Sözügedən göstərici üzrə o, Rocer Federer və Cimmi Konnorsdan geri qalır.
Qeyd edək ki, Novak Cokoviç bu gün açıqlanacaq ATP reytinqində yenidən liderliyə yüksələcək.

CANLI YAYIM