Millimiz Yunanıstan yığmasını məğlub etdi

23 Avqust, 12:15 Sosial mediada paylaşın:
Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi etdiyi qadın voleybolçuların Avropa çempionatında qrup mərhələsi keçirilir. C qrupunda mübarizə aparan Azərbaycan millisi Yunanıstan seçməsi ilə üz-üzə gəlib. Yığmamız birinci və üçüncü setlərdən sonra hesabda geri düşməsinə baxmayaraq, qarşılaşmada dönüş edə bilib. Yekunda rəqibindən 3:2 hesabı ilə üstün olan voleybolçularımız qitə çempionatında ikinci qələbələrini qazanıblar. Polina Rəhimova 32 xalla diqqət mərkəzinə düşüb. Azərbaycan komandası qrup mərhələsində sonuncu oyununu bu gün İsveç millisinə qarşı keçirəcək. Həlledici matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qrupun digər görüşündə Almaniya və Çexiya kollektivləri üz-üzə gəliblər. Bu qarşılaşmanın da qalibi 5-ci setdə müəyyənləşib. 0:2 hesabı ilə geri düşən Çexiya millisi asan təslim olmayıb. Baş məşqçi İoannis Atanasopulosun komandası oyunun gedişatını xeyrinə dəyişməyi bacarıb və ardıcıl üç hissədə rəqibini məğlub edərək matçdan qalib gəlib. Qabriela Orvoşova 24 xalla qələbədə böyük rol oynayıb.
Maksimum nəticə göstərən Türkiyə yığması hazırda C qrupunda liderdir. Almaniya millisi təkcə "ay-ulduzlular"dan geri qalır. Azərbaycan seçməsi üçüncü sıradakı mövqeyini qoruyub, Çexiya kollektivi isə dördüncü pillədə qərarlaşıb. Qeyd edək ki, qruplarını ilk dördlükdə tamamlayan komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

CANLI YAYIM