Vinisiusun vərəqəsi ləğv edildi, "Valensiya" cəzalandırıldı

24 May, 16:45 Sosial mediada paylaşın:
La Liqanın 35-ci turunda "Mestalya" stadionunda oynanılan "Valensiya" - "Real" matçında ev sahibi komandanın azarkeşləri Vinisius Juniorun ünvanına irqçi ifadələr səsləndirmişdilər.
Bununla yanaşı, oyunun ikinci hissəsinə artırılmış 7-ci dəqiqədə Madrid klubunun üzvü qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulmuşdu. İspaniya Futbol Federasiyası sözügedən qarşılaşmada baş verənlərlə bağlı qərarlarını açıqlayıb. Federasiyanın İdman yarışları komitəsi Vinisiusun qırmızı vərəqəsini ləğv edib. Buna səbəb kimi oyunun baş hakimi Rikardo Benqoeçeanın epizodun əsas məqamları ilə bağlı tam məlumata sahib olmadan qərar qəbul etməsi göstərilib. Beləliklə, braziliyalı futbolçu La Liqanın 36-cı turunda "Rayo Valyekano" iləmatçda komandasına kömək edə biləcək. Xatırladaq ki, "Real" Madrid və "Valensiya" oyunçuları arasındakı münaqişə zamanı Vinisius daha əvvəl onun boğazını sıxan Uqo Duronun üzünə zərbə endirmişdi. Baş hakim Rikardo Benqoeçea videotəkrara baxdıqdan sonra "Real"ın hücumçusunun sarı vərəqəsini ləğv etmiş, əvəzində ona birbaşa qırmızı vərəqə göstərmişdi. Epizodun yekununda "Valensiya"nın forvardı Duro meydanda qalmışdı. Sonradan videoköməkçi hakim İqnasio İqlesias Vilyanuevanın baş hakimə epizodun sadəcə bir hissəsini göstərdiyi məlum olmuşdu. Qeyd edək ki, artıq o bu səbəbdən İspaniya Futbol Federasiyası tərəfindən işdən çıxarılıb.
"Valensiya"da cəzasız qalmayıb. Federasiyanın İdman yarışları komitəsi "yarasalar"ı 45 min avro cərimələyib. Bununla yanaşı, "Valensiya"nın "Mestalya" stadionu qarşıdakı oyunlarda azarkeşlər üçün qismən bağlı olacaq. Vinisius Juniorun ünvanına irqçi ifadələrin və təhqirlərin arenanın Mario Kempesin adını daşıyan tribunasındakı azarkeşlər tərəfindən səsləndirildiyi məlum olub. Nəticədə bu tribunadan istifadənin qadağan edilməsi barədə qərar qəbul edilib. Məhdudiyyət beş matç qüvvədə olacaq.
 

CANLI YAYIM