Qvardiola: "“Real Madrid" Çempionlar Liqasında ən çətin və ən güclü rəqibdir"

17 May, 12:10 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 2-ci finalçı İngiltərədə müəyyənləşəcək. “Mançester Siti” doğma arenada “Real Madrid”i qəbul edəcək. Hər iki komanda oyuna tam heyətlə hazırlaşır. İlk görüşdə 1:1  hesabı qeydə alındığından bu qarşılaşmada tərəflərin birinin qələbə qazanması mütləqdir. Əks halda oyun penaltilər seriyasına kimi uzana bilər. Şəhərlilər azarkeşləri önündə oynadığından favorit hesab olunurlar. Amma İngiltərə klubunun baş məqşçisi Pep Qvardiola isə fərqli düşünür. O, turnirin ən güclü komandasına qarşı oynayacaqlarını deməklə yanaşı, bu görüşün “Mançester Siti” karyerasında ən vacib matçlardan biri kimi dəyərləndirib: “Real Madrid" Çempionlar Liqasında ən çətin və ən güclü rəqibdir. Hazırda “Mançester Siti” də əla formadadır. Premyer Liqada və İngiltərə Kubokunda titulun bir addımlığındayıq. Amma Çempionlar liqasında finala yüksəlmək üçün Madriddə oynadığımız futboldan daha artığını etməliyik. Klub üçün çox vacib qarşılaşmadır. “Mançester Siti” ilə mühüm titullar əldə etmişəm. Amma düşünürəm ki, bu cavab qarşılaşması Mançesterdəki karyeramın ən vacib oyunlarından biridir”.
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti də oyunla bağlı fikirlərini açıqlayıb. O, Pep Qvardiolanın cavab matçı öncəsi komandasının istirahət etməyə az vaxtının qalmasından şikayətlənməsinə də münasibət bildirib:  “İlk oyunda biz də eyni vəziyyətlə üzləşmişdik. “Mançester Siti” ilə çərşənbə axşamı deyil, çərşənbə günü də qarşılaşa bilərdik. Bizim üzləşdiyimiz vəziyyətlə indi onlar üzləşiblər.  Sadəcə onu deyə bilərəm ki, ideal oyun qrafiki deyil. Görüşə gəldikdə isə, hər iki tərəf üçün çox vacib qarşılaşmadır. Emosiyaların, hisslərin, gərginliyin ən üst səviyyədə olacağı qaçınılmazdır. Heyətlə bağlı sualara gəldikdə isə onu deyə bilərəm ki, Rudigerin bu görüşdə də meydanda olub olmayacağını deyə bilmərəm. Amma dəqiq planımız var və ona uyğun hərəkət edəcik. Qalib gəlsək deməli düzgün heyət seçmişəm. Məğlubiyyətdə isə tənqidlər qaçılmazdır”.  
Qeyd edək ki, bu gün saat 23:00-da başlanacaq “Mançester Siti” – “Real Madrid” görüşünü polşalı Şimon Marçinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM