"Bavariya" və "Milan" 1/4 finala vəsiqə qazandı

9 Mart, 15:36 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/4 finala çıxan daha 2 komanda müəyyənləşib. Favoritlərin qarşılaşmasında “Bavariya” Münhendə “Pari Sen-Jermen”i qəbul edib. Fransada minimal hesablı qələbə qazanan Yulian Nagelsmanın komandası öz meydanında da uğur qazanıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın 1-ci hissənində ən yadda qalan hadisə Vitinyanın boş qapıya zərbəsindən sonra “Bavariya”nın müdafiəçisi Mateys De Lixtin topu xəttdən çıxarması olub. Fasilədən sonra meydan sahibləri hesabı açıblar. 61-ci dəqiqədə Erik Şupo Motinq “Pari Sen-Jermen”nin qapısına yol tapıb. Dönüş yarada bilməyən Fransa klubu sona yaxın daha bir qol buraxıb. Bu dəfə Serj Qnabri diqqət mərkəzinə düşüb. Beləliklə 2 oyunun yekununa əsasən “Bavariya” 3:0 hesabilə üstün olaraq 1/4 finala vəsiqə qazanıb.
İtaliyada “Tottenhem”i minimal hesabla məğlub edən “Milan” isə Londonda qolsuz heç-heçəyə nail olub. İngiltərə klubu matçı 10 nəfərlə tamamlayıb. 77-ci dəqiqədə Kristian Romero meydandan çıxarılıb. Bununla “Milan” uzun fasilədən sonra UEFA Çempionlar Liqasında 1/4 finala çıxıb.

CANLI YAYIM