MBA-nın ən zəngin klublarından olsa da, “Nyu-York Niks” hələ də liqanın ən zəif komandalarından biri sayılır. Klubun düzgün idarə olunmaması və məşqçi seçimlərində qüsurlar komandanı xeyli geri salır. Görəsən, yenə də məşqçi axtarışına çıxan klub rəhbərliyinin növbəti seçimi doğru olacaqmı?
“Nyu-York Niks” 62 yaşlı amerikalı məşqçi Mayk Vudsona tapşırıla bilər. Birləşmiş Ştatların mətbuatı yazır ki, mövsüm başa çatandan sonra klub yeni baş məşqçi ilə bağlı qərarını açıqlayacaq. İndiki məqamda rəhbərliyin Mayk Vudsonla danışıq apardığı deyilir. Halbuki, buna qədər Tom Tibodo, Kenni Etkinson, Mayk Miller və Bekki Hemmonun adı “Niks”lə yanaşı çəkilirdi. Xüsusən də bu baxımdan Tibodo və Hemmon favorit sayılırdı. Əgər Hemmonla razılıq əldə olunsaydı, o, MBA-də ilk qadın məşqçi kimi tarixə düşəcəkdi. Hazırda Hemmon “San Antonio Spörz”də Qreqq Popoviçin köməkçisi kimi çalışır.
Vudsona gəlincə, təcrübəli mütəxəssis, 2012-2014-cü illərdə “Nyu York”da işləyib və komandanı pley-offa çıxarıb.Maraqlıdır ki, o vaxtdan bəri “Niks” pley-offa yüksələ bilmir. Bu müddət ərzində isə, komandanı ayrı-ayrı mövsümlərdə 5 məşqçi çalışdırıb.