Paris Olimpiadasının 12-ci günündə atletika üzrə daha 4 növdə qaliblər müəyyənləşib. Kişilərin 400m məsafəyə qaçışında Kuinsi Holl Olimpiya çempionu olub. Britaniyalı Metyu Hadson-Smit təkcə Amerika Birləşmiş Ştatları təmsilçisindən geri qalıb. İlk üçlüyü isə zambiyalı Muzala Samukonqa tamamlayıb.

Kişilərin 3 min m məsafəyə su maneəli qaçışında mərakeşli Sufian Əl Bakkali ardıcıl ikinci dəfə Olimpiadanın qalibi olub. ABŞ idmançısı - Kennet Ruks ikinci, keniyalı Abraham Kibivot isə üçüncü nəticə göstərib.

Kişilərin diskatma yarışında yamaykalı Roxe Stona bütün rəqiblərini qabaqlamaqla yanaşı, Olimpiya rekordunu qırıb. Litvalı Mikolos Alekna gümüş medalçı olub. Avstraliya atleti - Metyu Denni isə üçüncülüklə kifayətlənib.

Qadınların şüvüllə tullanma yarışında avstraliyalı Nina Kennedi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerika Birləşmiş Ştatlarını təmsil edən Keyti Mun ikinci olub. İlk üçlüyü isə kanadalı Alişa Nyuman tamamlayıb.

Paris-2024-ün 12-ci günündə ağırlıqqaldırma üzrə ilk mükafatçılar müəyyənləşib. 61 kq çəki dərəcəsində kişilərin mübarizəsində çinli Li Fabin Tokiodakı uğurunu təkrarlayaraq Olimpiya çempionu adını qazanıb. Tailandlı Teeraponq Silaçai ikinci, ABŞ idmançısı - Hempton Morris isə üçüncü nəticə göstərib.

49 kq çəkidə qadınların yarışında da Çin təmsilçisi uğur qazanıb: Hou Çjixuey ardıcıl ikinci dəfə Yay Olimpiya Oyunlarının qalibi olub. Rumıniyalı Mihaela Kambey yalnız çempiondan geri qalıb. Tailandlı Surodçana Khambao isə üçüncülüklə kifayətlənib.