Paris Olimpiadasının 9-cu günündə voleybol və həndbol yarışlarında qrup mərhələsinə yekun vurulub. Qadın voleybolçulardan ibarət İtaliya seçməsi hər üç setdə Türkiyə millisindən üstün olub. Eyni hesab Braziliya və Polşa yığmaları arasındakı görüşdə də qeydə alınıb. Qələbə qazanan "cənubi amerikalılar" qrup lideri kimi 1/4 finala yüksəlib. Çin komandası isə dünya çempionu - Serbiya kollektivinə qalib gəlib - 3:1.

Kişi həndbolçuların turnirində hazırkı Olimpiya çempionu - Fransa seçməsi Macarıstan millisini məğlub edərək qrup 4-cüsü kimi mərhələ adlayıb. Favoritlərdən sayılan Danimarka yığması Norveç komandası ilə matçda etimadı doğruldub - 32:25. Gərgin mübarizə şəraitində keçən oyunda isə İspaniya kollektivi xorvatiyalı həmkarlarından 32:31 hesabı ilə üstün olub.

Tennisdə qadın cütlərin yarışında qalib müəyyənləşib. Finalda Mirra Andreyeva ilə Diana Şnayderi məğlub edən Sara Errani və Casmin Paolinidən ibarət İtaliya komandası qızıl medala sahib çıxıb.

Paris-2024-də üzgüçülükdə mübarizəyə yekun vurulub. Qarışıq növ üzrə kişilərdən ibarət 4 nəfərlik komandaların ümumilikdə 400m məsafəyə üzmə yarışında Çin seçməsi qalib olub. Amerika Birləşmiş Ştatları yığması ikinci yeri tutub. İlk üçlüyü isə Fransa millisi tamamlayıb.

Eyni növdə qadınlar arasında ABŞ komandası uğur qazanmaqla yanaşı, yeni dünya rekordu müəyyənləşdirib. Avstraliya kollektivi ikinci, Çin seçməsi isə üçüncü nəticə göstərib.