Paris Olimpiadasının 4-cü günündə bir neçə komanda idman növündə mükafatçılar müəyyənləşib.

Reqbi-7 üzrə qadınların mübarizəsində final görüşü keçirilib. Həlledici oyunda Kanada seçməsi məğlub edən Yeni Zelandiya millisiOlimpiadada ardıcıl ikinci dəfə qızıl medal qazanıb.

İdman gimnastikasında qadınlardan ibarət komandaların turnirinə yekun vurulub. Simon Baylz, Ceyd Keri, Cordan Çaylz, Sunisa Li və Hezli Riveradan ibarət Amerika Birləşmiş Ştatları yığması bütün rəqiblərini qabaqlayıb. İtaliya kollektivi ikinci, Braziliya seçməsi isə üçüncü nəticə göstərib.

Üzgüçülükdə sərbəst üsul üzrə kişilərin 800m məsafəyə komanda yarışında qalibin adına aydınlıq gəlib. Ehtimalları doğruldan Böyük Britaniya yığması fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. ABŞ millisi yalnız liderdən geri qalıb. İlk üçlüyü isə avstraliyalı üzgüçülər tamamlayıblar.

Tennis, basketbol və voleybol idman növlərindənövbəti görüşlər keçirilib. Cütlərin mübarizəsində Rafael Nadal və Karlos Alkaras uğurlu çıxışlarını davam etdirirlər. İspaniya təmsilçiləri 3setin yekununda Tallon Qrikspor və Vesli Koolhofa qalib gəliblər.

Kişi basketbolunda qrup mərhələsinin 2-ci turuna start verilib. A qrupunda Kanada seçməsi Avstraliya yığmasını məğlub edərək liderliyi ələ keçirib. İspaniya millisi isə Yunanıstan komandasından üstün olub. B qrupunda meydan sahibi - Fransa kollektivi Yaponiya basketbolçularına qalib gəlib. Dünya çempionu - Almaniya seçməsi isə Braziliya yığması üzərində qələbə qazanıb.

Voleybol üzrə kişilərin mübarizəsində Fransa millisi azarkeşlərini sevindirib. Hazırkı Olimpiya çempionları Kanada komandasını məyus edib. Maraqla gözlənilən oyunda Sloveniya voleybolçuları serbiyalı həmkarlarına set verməyib. Dünya çempionu - İtaliya kollektivi eyni hesabla Misir seçməsini məğlub edib. Amerika Birləşmiş Ştatları millisi isə 5 setin tamamında Almaniya komandasından üstün olub.