Paris Olimpiadasının 4-cü günündə fərdi idman növlərində maraqlı nəticələr qeydə alınıb.

Kişilərin mübarizəsində irlandiyalı Deniel Viffen 800m məsafəyə sərbəst üsulla üzmə növündə qızıl medal qazanmaqla yanaşı, Olimpiya və Avropa rekordunu qırıb. Amerika Birləşmiş Ştatları təmsilçisi - Robert Fink ikinci olub, italiyalı Qreqorio Paltrinyeri isə üçüncü nəticə göstərib.

Qadınların 100m məsafəyə arxası üstə üzmə yarışında Keyli Makkioun qalib olub. Olimpiya rekordunu yeniləyən avstraliyalı idmançı bu növdə ardıcıl ikinci, ümumilikdə isə 4-cü dəfə Olimpiadada fəxri mükafata sahib çıxıb. Amerika Birləşmiş Ştatlarını təmsil edən Reqan Smit və Ketrin Berkoff isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Tennisdə kişilərin mübarizəsində 2-ci mərhələyə yekun vurulub. Hazırkı Olimpiya çempionu - Aleksandr Zverev uğurlu çıxışını davam etdirir. Almaniyalı raketka ustası çexiyalı Tomaş Maxaçı set vermədən məğlub edib. Favoritlərdən hesab edilən Daniil Medvedev isə Sebastyan Ofnerə qalib gəlib. Hər iki setdə rusiyalı tennisçinin 6:2 hesablı qələbəsi qeydə alınıb.

Qadınların turnirində1/4 finalçılar müəyyənləşib. Dünya reytinqinin lideri - İqa Şvyontek Van Siuyla görüşdə etimadı doğruldub - 6:3, 6:4. WTA siyahısının ikincisi - Koko Qauff isə uğursuzluğa düçar olub. ABŞ təmsilçisi xorvatiyalı rəqibi Donna Vekiçlə bacarmayıb - 6:7, 2:6.