Paris Olimpiadasının 3-cü günündə bir neçə komanda idman növündə azarkeşlər maraqlı mübarizə izləyiblər. Kişilərdən ibarət kollektivlərin oxatma yarışında Koreya Respublikası seçməsi qızıl medal qazanıb. Finalda məğlub olan Fransa millisi ikinci olub. Türkiyə yığması isə bürünc medalla kifayətlənib.

Bədii gimnastika üzrə çoxnövçülükdə kişilərin turnirinə yekun vurulub. Yaponiya komandası bütün rəqiblərini qabaqlayaraq fəxri mükafata sahib çıxıb. Çin seçməsi ikinci, Amerika Birləşmiş Ştatları millisi isə üçüncü nəticə göstərib.

Qadın voleybolçulardan ibarət Türkiyə yığması Paris-2024-dəki ilk matçında niderlandlı həmkarları ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi tay-breykdə müəyyənləşib. 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, dönüş edən "ay-ulduzlular" yekunda qələbə qazanıb.

Maraqla gözlənilən Amerika Birləşmiş Ştatları və Çin kollektivləri arasındakı qarşılaşmanın da taleyinə 5-ci setdə aydınlıq gəlib. Həlledici hissədə hazırkı Olimpiya çempionundan üstün olan Asiya təmsilçisi yarışa uğurlu start verib. Dünya çempionu Serbiya komandası isə Fransa seçməsini set vermədən məğlub edib.

Kişi həndbolçuların yarışında gözlənilməz nəticə qeydə alınıb. Olimpiya çempionu - Fransa millisi ikinci oyununda da uğursuzluğa düçar olub. Meydan sahibləri Norveç yığması ilə bacarmayıb - 22:27. Dünya çempionu - Danimarka həndbolçuları isə azarkeşlərini sevindiriblər. "Skandinaviyalılar" Misir kollektivindən 30:27 hesabı ilə üstün olub.