Paris Olimpiadasında fərdi idman növlərində növbəti qaliblər müəyyənləşib. Kişilərin 200m məsafəyə sərbəst üsulla üzmə yarışında rumıniyalı David Popoviç qızıl medala sahib çıxıb. Britaniyalı Metyu Riçards ikinci, Amerika Birləşmiş Ştatları təmsilçisi - Luk Hobson isə üçüncü nəticə göstərib.

Kişilərin 100m məsafəyə arxası üstə üzmə növündə dünya rekordunun sahibi, italiyalı Tomas Çekkon fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çinli üzgüçü Syuy Szyayuy yalnız çempiondan geri qalıb. Amerika Birləşmiş Ştatları idmançısı Rayan Mörfi isə bürünc mükafatla kifayətlənib.

Qadınların 200m məsafəyə sərbəst üsulla üzmə yarışında avstraliyalı Molli O'Kallaqan qızıl medal qazanmaqla yanaşı, yeni Olimpiya rekordu müəyyənləşdirib. Onun həmvətəni, titulunu qoruya bilməyən Ariarne Titmus ikinci olub. Honq Konqlu Şivon Hoqi ilk üçlüyü qapayıb.

Cənubi Afrika Respublikasının təmsilçisi - Tatyana Smit brass növündə 100m məsafəyə üzmə üzrə qızıl medala sahib çıxıb. Çinli Tan Syantin ikinci, irland Mona Makşerri isə üçüncü nəticə göstərib.

Qadınların 400m məsafəyə qarışıq üsulla üzmə yarışında kanadalı Sammer Makintoş azarkeşlərini sevindirib. ABŞ atleti Keti Qrayms təkcə çempiondan geri qalıb. Onun həmyerlisi - Emma Veyant isə bürünc medalçı olub.

Kişilərin dağ velosipedi üzrə kross-kantri turnirinə yekun vurulub. Britaniyalı Tom Pidkok ardıcıl ikinci dəfə Olimpiya çempionu adını qazanıb. Fransız Viktor Koretski gümüş, CAR idmançısı - Alan Haterli isə bürünc medal əldə edib.

Tennisdə həm kişilərin, həm də qadınların mübarizəsində 2-ci mərhələyə start verilib. Maraqla gözlənilən görüşdə Novak Cokoviç Rafael Nadalı məğlub edib. Hər iki setdə serbiyalı raketka ustasının qələbəsi qeydə alınıb - 6:1, 6:4. Favoritlərdən hesab edilən Karlos Alkaras isə Tallon Qrikspordan üstün olub.

Qadınların turnirində dünya reytinqinin lideri - İqa Şvyontek uğurlu çıxışını davam etdirir. Polşalı tennisçi fransız Dian Parrinin cəmi 2 qeym qazanmasına imkan verib. WTA siyahısının ikincisi - Koko Qauff isə argentinalı Mariya Lurdes Karledən eyni formada üstün olub - 6:1, 6:1.